1 янв. 2012 г.

Loqic

Salam, əziz dostlar, hörmətli kolleqalar və tələbələr.
Bəzi səbəblərə görə bloqu uzun müddət yeniləmirdim. Amma oxucularıma daha çox maraqlı yazılarım lazımdır, məncə. Ona görə də bir daha “Xoş gördük” deyərək, sizi yeni postumu oxumağa dəvət edirəm.
Bu gün məntiqlə düşünmək, düzgün mühakimə yürütmək istəyənləri söhbətə dəvət edirəm.
Belə bir hadisəni təsəvvür edin:
Komandirin əmri:

“Gələn bazar günü hərbi parad olacaq. Əgər səhər yağış yağsa, parad günün 2-ci yarısında olacaq, amma əgər yağış günortadan sonra olsa, parad səhər olacaq.”
Qəribə mülahizədir, elə deyilmi? İlk baxışdan bu əmrin doğru olmadığı görünür. Deyə bilərsiniz səhv nədədir? Bir az fikirləşdikdə məsələnin şox da sadə olmadığı görünür.
Əvvəlcə adama elə gəlir ki, əmr ona görə səhvdir ki, gönortadan sonra yağışın ola biləcəyini səhər bilmək mümkün deyil.Amma bu əmrin yerinə yetirilməsi üçün bunu bilmək vacib deyil ! Sadəcə oaraq,səhər yağış olmasa belə paradı başlamaq lazımdır. Vəssalam. Əgər komandir əmri başqa formada versəydi, məsələn belə: “ Əgər səhər parad olsa, onda günortadan sonra yağış yağacaq”, deyərdik ki, bu əmr doğru deyil və əmri yerinə yetirmək çox çətindir
Bu əmrin çatışmayan cəhəti onun tam olmamasıdır. Əgər yağış bütün günü yağarsa, o halda nə etmək lazımdır? Ziddiyyət əmələ gəldi. Ziddiyyətli göstərişi necə yerinə yetirmək olar ki...? Bu məsələni həll edərkən biz paradın bircə dəfə keçirələcəyini fərz etmişdik ( bu şərti mütləq nəzərə almaq lazım idi ). Deməli, əgər səhər yağış yağmırsa, paradı keçirmək lazımdır. Bəs yağış yağırsa? Havanın düzəlməsini gözləmək lazımdır?
Bəlkə hava düzəlmədi? Əmrə görə, hava necə olur olsun ( yağış yağsa belə) günün 2-ci yarısında mütləq parad olmalıdır.
Beləliklə, əsgərləri yağışdan qorumaq məqsədi ilə verildiyinə baxmayaraq, əmrin dəqiqliklə yerinə yetirilməsi yağışlı gündə 2 dəfə parad keçirilməsinə gətirib çıxarır!
Bu misal onu göstərir ki, demək istədiyini ifadə edərkən sözlərdən ehtiyatla istifadə etməyi öyrənmək lazımdır. Belə yerdə düzgün mühakimə yürütməyi ,düzgün sübut ( isbat ) etməyi öyrənən ( və öyrədən) Məntiq elmi köməyə gələ bilər.
Lətifələr
Aşağıdakı lətifələrdə məntiqi səhvlər var. Bu səhvləri tapa bilərsinizmi?
1) Müəllim: Ümid edirəm ki, başqasının dəftərindən necə köçürtdüyünü görməyəcəyəm,Toğrul.
Toğrul :Mən də buna ümid edirəm.
2) Hərəkət daimidir. Məktəbə getmək də hərəkətdir. Deməli məktəbə getmək - daimidir.
3) Kişi bərkdən qəzet oxuyur :” Dünyada hər 5-ci uşaq çinlidir”. Arvadı : “ Şükürlər olsun ki, bizim yalnız 4 uşağımız var ”
Aşağıdıkı lətifələri isə siz özünüz tamamlayın:
1) -Alkoqolun və nikotinin ziyanı haqqında o qədər oxumuşam ki, bunu atmağı qərara aldım.
-İçməyi, yoxsa siqaret çəkməyi?
-...
2) -Siz niyə hər gün gecikirsiniz?
-Bəs siz liftin yanındakı Yalnız 10 nəfər üçün nəzərdə tutulub” yazısını oxumamısınız? Mən də hər gün...

3)-Məndə divarın o tayını görməyə yardım edən bir alət var.
-Ola bilməz! O nə alətdir elə ?
-...

4) -Cənab leytenant, sizin əmrinizi yerinə yetirdim !
- Mən ki, heç bir əmr verməmişdim.
- Mən də ...

5) -Narahat olmayın, xəstə! Məndə də belə bir xəstəlik var idi !
- Amma sizin başqa...

6) Turist: -Bu oteldə nömrələrin qiyməini bilmək istəyirəm.
- Birinci mərtəbədə-10 dollar, ikincidə -8, üçüncüdə-6.
Turist getmək istəyir.
-Nədir, qiymətlərimiz yüksəkdir?
-Yox...

Əziz oxucular, lətifələrdə nöqtələrin yerinə nə yazmaq lazımdır ? Bu postun altındakı şərh yerinə cavablarınızı yaza bilərsiniz.
Gələn görüşlərədək. Hələlik !

Комментариев нет:

Related Posts Plugin for WordPress, Blogger...